Şəkidə fermerlərlə görüş olub
Bakı, 9 oktyabr, AZƏRTAC
Torpağın əkindən əvvəl hazırlanması, bitkilərin qorunması, müvafiq vasitələrdən düzgün və vaxtında istifadə haqqında fermerlərin məlumatlandırılması üçün görüş keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Şəki şəhərində keçirilmiş tədbir agentliyin təşkilatçılığı, Qida Təhlükəsizliyi İnstitutunun və “Ema Aqro” MMC-nin dəstəyi ilə baş tutub. Tədbirdə müvafiq qurumlarla yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Xidmətlər Agentliyinin və KOBİA-nın Şəki şəhəri üzrə KOB dostu və Zaqatala-Balakən KOB İnkişaf Mərkəzinin (KOBİM) nümayəndələri də iştirak ediblər.
Görüşdə 20-yə yaxın fermer əkindən əvvəl torpağa aqrotexniki qulluq, gübrələmə və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirləri, əkin sahələrindən səmərəli istifadə haqqında məlumatlandırılıb, “Ema Aqro” MMC-nin aqronomu tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, fermerlərə KOB dostu və Zaqatala-Balakən KOBİM tərəfindən göstərilən dəstək və xidmətlər, o cümlədən aqrar sahə, vergi və ixracla bağlı təlim və məsləhət xidmətləri barədə məlumat verilib, onları maraqlandıran suallar aidiyyəti qurumlar tərəfindən cavablandırılıb.