MƏDƏNİYYƏT
Şəkidə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Gül bayramı keçirilmişdir
Şəki, 11 may (AZƏRTAC). Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü Şəkidə silsilə tədbirlərlə geniş qeyd olunur.
AZƏRTAC xəbər verir ki, ulu öndərin xatirəsini daim əziz tutan şəkililər mayın 10-da ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gələrək xalqımızın böyük oğluna sevgi və ehtiramlarını bildirmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Sonra şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhərin “Əşirlər” məhəlləsində inşa edilmiş “xeyir-şər” evinin açılışında iştirak etmişlər.
Həmin gün Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm Gül bayramı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə gül sərgisinə baxmışlar. Al-əlvan güllərdən canlandırılmış müxtəlif kompozisiyalar, əl işləri, havada uçuşan rəngli bayram şarları tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Tədbirdə müasir Azərbaycanda dövlət quruculuğunun, dirçəlişin, iqtisadi və siyasi tərəqqinin məhz Heydər Əliyevin adı ilə sıx bağlı olduğu bildirilmişdir. Qeyd edilmişdir ki, bu böyük şəxsiyyətin adı Azərbaycan tarixinə, xalqımızın yaddaşına milli xilaskar kimi əbədi həkk olunmuşdur. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, əsl liderlik keyfiyyətləri sayəsində xalqımız və dövlətimiz böyük bəlalardan və təhlükələrdən xilas olmuş, qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik və sosial ədalət prinsipləri bərpa edilmişdir. Xalqımızda öz gələcəyinə böyük inam yaranmış, Azərbaycan beynəlxalq təşkilatlara üzv qəbul edilmiş, ölkəmiz quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoymuşdur.
Vurğulanmışdır ki, yaşadığımız dövr tarixə Heydər Əliyev epoxası kimi daxil olacaqdır. Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu tarixi dövrü daim öyrənəcək və təhlil edəcəklər.
Bayram tədbiri Şəki Musiqi Kollecinin, incəsənət və uşaq musiqi məktəbləri kollektivlərinin hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.
Gül bayramı atəşfəşanlıqla başa çatmışdır.