İQTİSADİYYAT
Şəkinin qəsəbə və kəndlərində hesabat yığıncaqları keçirilir
Şəki, 20 yanvar (AZƏRTAC). Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş cədvələ uyğun olaraq rayonun qəsəbə və kəndlərində ərazi icra nümayəndəliklərinin 2011-ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilir. Şəhər icra hakimiyyətinin məsul nümayəndələrinin, habelə müvafiq idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi yığıncaqlarda hesabat ili ərzində görülmüş işlər ətraflı təhlil olunur. Sakinləri narahat edən məsələlərə toxunulur, problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilir.
AZƏRTAC xəbər verir ki, növbəti hesabat yığıncağı Baş Zəyzid kəndində keçirilmişdir. Kənd icra nümayəndəsinin hesabat məruzəsində diqqətə çatdırılmışdır ki, Baş Zəyzid və Vərəzət kəndlərində 2 orta məktəb, həkim məntəqəsi, uşaq bağçası, mədəniyyət evi, 2 kitabxana, EATS, poçt və digər məişət obyektləri fəaliyyət göstərir. Müddət ərzində ərazidə olan içməli su xətləri dəyişdirilmiş, kəndarası yollar, eləcə də sel suları nəticəsində yararsız hala düşmüş körpü təmir olunmuşdur.
Yığıncaqda çıxış edən kənd sakinləri həlli vacib məsələlərə toxunmuşlar. Sakinlər Zəyzid və Qurcana çaylarının yataqlarının təmizlənməsi, Baş Zəyzid kənd orta məktəbinin və həkim məntəqəsinin əsaslı təmiri, kəndə təbii qazın verilməsi, Vərəzət kənd orta məktəbinin köhnə binasının təmir olunaraq, onun bazasında uşaq bağçasının açılması və digər məsələlərlə bağlı təkliflərini vermişlər.
Hesabat yığıncaqları davam etdirilir.