MƏDƏNİYYƏT
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşası Moskvada böyük uğurla nümayiş etdirilmişdir
Moskva, 21 iyun (AZƏRTAC). Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin pyesi əsasında səhnələşdirilmiş “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası Moskvanın “El Cetera” teatrında böyük uğurla ilk dəfə nümayiş etdirilmişdir.
Azərbaycanın Xalq Artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi və böyük yazıçının 200 illik yubileyinə həsr olunmuş məşhur tamaşa ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə nümayiş olunmuşdur. Tamaşanın quruluşçu-rəssamı Nikita Sazonov, geyim üzrə rəssamı Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Vaqif Gərayzadədir.
Tamaşadan əvvəl Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək bu gözəl kollektivin Azərbaycan klassikinin parlaq əsərlərindən biri əsasında səhnələşdirdiyi tamaşanın Moskva teatrsevərlərinə təqdim edilməsini ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırmışdır. O ümidvar olduğunu bildirmişdir ki, moskvalılar teatrın yaradıcılığını, onun qeyri-adi cənub temperamentini, bakılılara xas gözəl yumor hissini, Səməd Vurğun adına teatrın fenomenini təşkil edən rus və Azərbaycan mədəniyyətinin sintezini layiqincə qiymətləndirəcəklər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, bu il bütün maarifpərvər ictimaiyyətin 200 illik yubileyini qeyd etdiyi Azərbaycan dramaturgiyasının klassiki M.F.Axundzadənin pyesinin Moskvada göstərilməsi fərəhli və əlamətdar hadisədir.
O demişdir: “Bu il Heydər Əliyev Fondunun dəstəyi ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının binasında M.F.Axundzadənin heykəli açılacaqdır. Bu, mədəniyyətlərimizin, dövlətlərimizin və xalqlarımızın qarşılıqlı münasibətləri tarixində mühüm hadisədir”. Səfir vurğulamışdır ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında püxtələşən aktyorlar sonralar Moskvada və keçmiş SSRİ-nin digər şəhərlərində işləmişlər. Teatrın baş rejissoruna təşəkkürünü bildirən Polad Bülbüloğlu demişdir: “Rus Dram Teatrının tamaşaları həmişə özgürlüyü, bənzərsizliyi ilə seçilmişdir, Bakıda bu teatr daim sevilmiş və seviləcəkdir”.
Azərbaycan teatrının tamaşası böyük uğurla keçmişdir. Rusiya tamaşaçıları aktyorları gözəl oyuna və peşəkarlığa, Azərbaycan klassikinin A.Şarovskinin quruluşunda ikinci həyatını yaşayan pyesinin bütün incə çalarlarını tamaşaçılara bacarıqla çatdırdıqlarına görə sürəkli alqışlarla mükafatlandırmışlar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva