ELM VƏ TƏHSİL
Seminarda elmi məruzə dinlənilmişdir
Bakı, 19 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində respublika elmi seminar keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, seminarda institutun əməkdaşı, professor Tofiq Baharovun “Cənubi Xəzər hövzəsinin böyük dərinliklərində iri ölçülü karbohidrogen yataqlarının formalaşması mexanizmləri” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzədə bildirilmişdir ki, Cənubi Xəzər hövzəsinin böyük dərinliklərində iri ölçülü karbohidrogen yataqlarının formalaşması və onların süxurlarında kollektor xüsusiyyətlərinin saxlanması məsələləri neft geologiyasının fundamental elmi problemlərindən biridir.
Respublikamızın neft-qaz bazasının əsas artım mənbəyi Cənubi Xəzər hövzəsinin böyük dərinlikləri ilə bağlı olduğundan, həmin regiondakı ehtiyat və resursların aşkar edilməsi, qiymətləndirilməsi və mənimsənilməsinin respublika üçün böyük əhəmiyyətə malik olduğunu söyləyən alim bunlarla əlaqədar olaraq, hövzədə böyük dərinliklərdə karbohidrogen yataqlarının formalaşması xüsusiyyətlərinin tədqiqinin yeni kompleks elmi-metodiki yanaşmaların işlənilməsini tələb etdiyini söyləmişdir.