ELM VƏ TƏHSİL
Seminarda iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib
Qazaxıstanın paytaxtı Astana şəhərində “Elmi-tədqiqat layihələrinin hazırlanması və texnoloji sahibkarlığın inkişafı” mövzusunda Beynəlxalq treninq-seminar keçirilib.
Tədbir BMT-nin himayəsi altında Beynəlxalq Elm, Texnologiya və İnnovasiya Mərkəzi (ISTIC) və Qazaxıstan Dövlət Elmi-Texniki Ekspertiza Milli Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi bu elm müəssisəsinin baş direktorunun birinci müavini Mahir Muxtarov təmsil edib.
Treninq-seminarın əsas məqsədi texnologiya, patent, elmi-tədqiqat və onların nəticələrinin kommersiyalaşdırılması müsabiqələrində iştirak üçün mükəmməl layihələrin hazırlanmasını öyrətməkdən ibarət olub.
Eyni zamanda, iştirakçılara elm və texnologiyanın inkişafına əsaslanan uğurlu biznesin yaradılmasının ardıcıllığı öyrədilib, elmi-tədqiqat işləri, planlaşdırma, innovativ düşüncə tərzi, faydalı ideya, imkanlar, biznes model, biznes planlaşdırma, maliyyə və əqli mülkiyyət məsələlərinə dair mühazirələr oxunub.
Seminarın sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib.