İQTİSADİYYAT
Seminarda rabitə müəssisələrinin restrukturizasiyası və özəlləşdirilməsinə dair Almaniya təcrübəsinin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilmişdir
Bakı, 29 sentyabr (AZƏRTAC). Sentyabrın 29-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Rabitə və telekommunikasiya sahəsində restrukturizasiya və özəlləşdirmə – Almaniya təcrübəsi” mövzusunda seminar keçirmişdir.
ƏMDK-dan AZƏRTAC-a bildirmişlər ki, tədbir komitənin Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsinə məsul olan qurumu ilə birgə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əməkdaşlığı çərçivəsində təşkil edilmişdir.
Seminarda komitənin mərkəzi aparatının və strukturuna daxil olan qurumların əməkdaşları ilə yanaşı, GİZ-in layihə rəhbəri Vulf Şimider və almaniyalı ekspert Kristof Drayer iştirak etmişlər.
Xarici ekspertlər Avropa ölkələrində, o cümlədən Almaniyada rabitə və telekommunikasiya sferasında həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermiş, bu islahatlar çərçivəsində rabitə və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin restrukturizasiyası və səhmlərinin özəlləşdirilməsi təcrübəsini bölüşmüşlər. Bu sahənin inkişafına irihəcmli investisiyaların cəlb edilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə şəraitin yaradılması mexanizmləri şərh edilmişdir. Bununla yanaşı, özəlləşdirmə prosesinin müəssisələrin, işçilərin və investorların maraqlarının nəzərə alınmaqla təşkili qaydaları açıqlanmışdır.
Seminarda rabitə müəssisələrinin restrukturizasiyası və özəlləşdirilməsinə dair Avropa ölkələrində, o cümlədən Almaniyada toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Sonda iştirakçılara sertifikatlar verilmişdir.