CƏMİYYƏT
Şəmkir rayonunun ərazisində avtobusun aşması nəticəsində ölən və xəsarət alanlar vardır
Bakı, 19 iyul (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN)“112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonu ərazisində, Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində “Toyota” markalı minik avtomobili və “PAZ” markalı avtobus toqquşmuşdur.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə nəticəsində avtobus dərəyə yuvarlanmışdır. Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Müəyyən olunmuşdur ki, 1978-ci il təvəllüdlü Əbülfəz Elxan oğlu Əliyev hadisə yerində ölmüş, 7 nəfər xəsarət almışdır.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri ərazidə müvafiq xilasetmə və təhlükəsizlik tədbirləri həyata keçirmişlər.
Əməliyyat saat 16:00-da başa çatmışdır.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.