DÜNYA
Senator Con Kerri ABŞ dövlət katibi vəzifəsinə namizəddir
Vaşinqton, 17 dekabr (AZƏRTAC). CNN telekanalı ABŞ Demokratlar Partiyasının nümayəndələrinə istinadla xəbər verir ki, dekabrın 16-da Prezident Obama Birləşmiş Ştatların dövlət katibi vəzifəsinə Massaçusets ştatından senator Con Kerrinin namizədliyini irəli sürmüşdür.
Məlum olduğu kimi, bundan əvvəl Prezident tərəfindən Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyi irəli sürülmüş ABŞ-ın BMT-dəki səfiri Süzan Rays öz namizədliyini geri götürməyi qərara almışdır.
Bu qərar onunla əlaqədardır ki, Respublikaçılar Partiyası Süzan Raysın bu il sentyabrın 11-də Benqazidə Amerika diplomatik missiyasına hücum nəticəsində 4 nəfər Amerika vətəndaşının, o cümlədən ABŞ-ın Liviyadakı səfiri Kris Stivensin həlak olması barədə ziddiyyətli bəyanatlarına görə onu kəskin tənqid etmişdir.
Massaçusets ştatından senator Con Kerri 2004-cü il prezident seçkiləri zamanı Demokratlar Partiyasından bu vəzifəyə namizəd irəli sürülmüşdür. Hazırda o, ölkənin qanunverici hakimiyyətində əsas və nüfuzlu qurumlarından birinə - ABŞ Senatının Xarici İşlər Komitəsinə sədrlik edir.
Senator Kerri 1966-cı ildə Yel Universitetini bitirmiş, Vyetnam müharibəsi zamanı dəniz piyada qoşunlarında xidmət etmişdir. 1982-ci ildə Massaçusets ştatının vitse-qubernatoru, 1984-cü ildə həmin ştatdan senator seçilmişdir. O vaxtdan bəri beş müddətə təkrarən seçilmişdir. 2008-ci il seçkilərində beşinci müddətə seçiləndən sonra senator Kerri Xarici İşlər Komitəsinə sədrlik edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton