İQTİSADİYYAT
Sənaye və Energetika Nazirliyində almaniyalı tədqiqatçı alimlərlə görüş keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Bakıda səfərdə olan almaniyalı tədqiqatçı alimlər sənaye və energetika nazirinin müavini Natiq Abbasovla görüşmüşlər.
Nazirlikdən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə N.Abbasov ölkəmizdə neft-qaz hasilatı, emalı, ixracı, enerji layihələri, qeyri-neft sektorunun əsas inkişaf istiqamətləri barədə geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Xəzər hövzəsi və Orta Asiya təbii qazının ölkəmizin ərazisindən Avropaya nəqlini nəzərdə tutan “Cənub qaz dəhlizi” layihələri Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaqdır. Odur ki, rəsmi Bakı bu layihələri fəal şəkildə dəstəkləyir. Gündəmdə olan TANAP layihəsinin reallaşması Azərbaycana ilk dəfə Avropa sərhədlərinə çıxmağa imkan verəcəkdir.
Azərbaycanda 2020-ci ildə qaz hasilatının 54 milyard kubmetrə çatdırılacağını deyən nazir müavini bildirmişdir ki, əgər 2006-cı ildə Azərbaycan ildə 9 milyard kubmetr qaz hasil edirdisə və eyni zamanda daxili tələbatı ödəmək üçün qaz idxal edirdisə, 2010-cu ildən etibarən artıq qaz idxalçısından qaz ixracatçısına çevrilmişdir. Ötən il Azərbaycanda qaz hasilatı 27 milyard kubmetrə çatmışdır. Azərbaycan Rusiya, İran, Türkiyə, Gürcüstan kimi ölkələrə qaz ixrac edir.
Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılmışdır.