İDMAN
Serbiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı keçiriləcəkdir
Bakı, 19 avqust (AZƏRTAC). Avqustun 20-dən 25-dək Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilər arasında dünya çempionatı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə yığmamız böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında çempionatın ilk iki günündə mübarizə aparacaqdır. Heyətdə Seymur Hüseynov (42 kq), Kənan Cəfərov (46 kq), Mikayıl Rəhmanov (50 kq), Niyazi Məmmədov (54 kq), Zahid Ələkbərzadə (58 kq), Sənan Əlimirzəyev (63 kq), Mehrac Kərimov (69 kq), İslam Abbasov (76 kq), Soslan Fanziyev (85 kq) və Adambek Şidukov (100 kq) yer almışlar.
Avqustun 22-23-də yeniyetmə qızlar mübarizəyə qoşulacaqlar. Böyük məşqçi Rövşən Süleymanov və məşqçi Arif Fərmanovun rəhbərliyi altında Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Leyla Qurbanova (49 kq) və Ləman Qurbanova (56 kq) çempionata yollanacaqlar.
Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında ölkəmizi Fərrux Əliyev (42 kq), Fazil Həsənov (46 kq), Mahir Əmiraslanov (50 kq), Neməddin Rəhmanov (54 kq), Məhəmmədəli Əliyev (58 kq), Teymur Məmmədov (63 kq), Abdulmuslim Muxuddinov (69 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (76 kq), Nurməhəmməd Hacıyev (85 kq) və Turxan Qurbanov (100 kq) təmsil edəcəklər.
Beynəlxalq dərəcəli hakim İntiqam Alıyev görüşlərin idarə olunmasında iştirak edəcəkdir.