DÜNYA
Serbiyanın bəzi ölkələrdəki səfirliklərinin tviter hesabları bloklanıb
Belqrad, 23 avqust, AZƏRTAC
Serbiyanın 7 səfirliyi və konsulluğunun tviter hesablarının bloklandığı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, tviter avqustun 18-də Serbiyanın Qana, İran, İndoneziya, Küveyt, Nigeriya, Zimbabve və Ermənistandakı səfirliklərinin, eləcə də Çikaqo konsulluğunun hesablarını bloklayıb. Əməliyyatın heç bir izahat və sosial media qayda pozuntusu olmadan həyata keçirildiyi bildirilib.
Hər hansı səbəb göstərilmədən hesabların bloklandığı qeyd edilən açıqlamada vurğulanıb: “Heç bir sanksiyaya məruz qalmayan demokratik bir ölkənin diplomatik nümayəndəliklərinə məxsus hesabların bloklanması qəbuledilməzdir”.
Söz azadlığını vurğulayan rəsmi Belqrad tviterdən bu hesabların blokdan çıxarılmasını istəyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad