SİYASƏT
Sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ölkəmizə qarşı yönələn mənfi çağırışlara da son qoyulacaq - Siyasi şərhçi
Bakı, 30 aprel, AZƏRTAC
İstər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Ermənistanın və onun arxasında dayanan böyük qüvvələrin bizə qarşı yönələn bütün addımları neytrallaşdırdı. Dövlətimizin başçısı hətta ölkəmizə qarşı olan çağırışları Azərbaycanın xeyrinə çevirməyə nail oldu. Böyük dövlətlərin ölkəmizə qarşı yönələn təzyiqlərinə baxmayaraq, Azərbaycanın maraqlarından irəli gələrək aprelin 23-də Laçında Həkəri çayının üzərində sərhəd-buraxılış məntəqəsi qurduq. Azərbaycan suverenliyini, ərazi bütövlüyünü və mənafeyini nəzərə alaraq bu addımı atdı. Sərhədlərimiz daxilində ölkəmizə qarşı yönələn mənfi çağırışlara sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə son qoyulacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Murad Sadəddinov söyləyib.
Siyasi şərhçi bildirib ki, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra ölkəmizə qarşı bir çox böyük dövlətlərin təzyiqlərinin şahidi oluruq. Lakin bunların heç bir önəmi yoxdur. Çünki ərazidə artıq Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən nəzarət məntəqəsi yaradılıb. Bu isə çox vacib amildir. Ona görə ki, Vətən müharibəsindən keçən 2 il 5 ay ərzində Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əməl etməyərək, qanunsuz hərbi birləşmələrini ərazimizdən çıxarmadı. Hətta ərazilərimizə silah-sursat daşıdı və şəxsi heyətin rotasiyasını həyata keçirdi. Bundan əlavə, Ermənistan 2020-ci ildən sonra istehsal olunmuş minaları gətirərək Azərbaycan ərazisində basdırdı. Ermənistanın bu addımı dünyanın böyük dövlətlərinin gözü önündə baş versə də, indiyədək heç bir tədbir görülməyib. Bəzi beynəlxalq təşkilatlar və dövlətlər düşmən ölkənin qanunsuz əməllərini pisləmək və ona təzyiq göstərmək əvəzinə, Ermənistana dəstək verirlər. Həmin dövlətlərin satın alınmış nümayəndələri, siyasətçiləri bu addımla ekstremizmi dəstəklədiklərini nümayiş etdirir, onun yayılması üçün mənəvi və maddi yardımlar edirlər.
“Azərbaycanın sülh sazişi üzrə irəli sürdüyü beş baza prinsipi Ermənistan tərəfindən qəbul olunmalı, Zəngəzur dəhlizi ilə bağlı götürdüyü öhdəlik yerinə yetirməlidir. Həmçinin qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağda olan qanunsuz hərbi birləşmələrini çıxarmalıdır. Qarabağda yaşayan etnik ermənilər və separatçılar da qısa müddətdə öz seçimlərini etməlidirlər. Belə ki, əgər onlar cinayətkar deyillərsə, ya Azərbaycan vətəndaşlığını qəbul edərək ərazilərimizdə yaşamalı, ya da Prezident İlham Əliyevin dediyi kimi, çıxıb getməlidirlər”, - deyə M.Sadəddinov vurğulayıb.