İQTİSADİYYAT
“Sərhədsiz Kapitallaşma İmkanı” mövzusunda konfrans keçirilmişdir
Bakı, 22 may (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) dəstəyi ilə “Sərhədsiz Kapitallaşma İmkanı” mövzusunda konfrans keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, konfransda Bakı fond Birjasının, Borsa İstanbulun və “İnvest-Az” şirkətinin rəhbərləri çıxış edərək ”Sərhədsiz Kapitallaşma” və kross-listinq imkanları, yeni şirkətlərin kapitallaşma və gələcəyə baxışları, Azərbaycan şirkətlərinin qiymətli kağızlar bazarında kapitallaşmasının üstünlükləri və listinq imkanları, eləcə də birgə əməkdaşlıq perspektivlərindən danışmışlar.
QKDK-nın sədr müavini İlqar Muradov Azərbaycan və Türkiyənin qiymətli kağızlar bazarı arasında möhkəm təməllər üzərində qurulan qardaşlıq əlaqələrinin çox yüksək səviyyədə olduğunu və daim inkişaf etdiyini bildirmişdir. O, Azərbaycanın qiymətli kağızlar bazarının mövcud vəziyyəti və perspektivləri barədə ətraflı məlumat vermişdir.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılmışdır.