MƏDƏNİYYƏT
“Şərhsiz istedadlar” adlı uşaq əl işləri sərgisi açılıb
Bakı, 15 aprel, Flora Şükürova, AZƏRTAC
Aprelin 15-də “Mickeys House” məktəbəqədər təhsil müəssisəsinin, Azərbaycan Rəssamlar İttifaqının və Bakı Rəsm Qalereyasının birgə layihəsi əsasında Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş “Şərhsiz istedadlar” adlı uşaq əl işləri sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə “Mickeys House” uşaq bağçasının 3-6 yaşlı üzvlərinin 100-dək əl işi nümayiş olunub.
Tədbirdə Xalq Rəssamı Arif Hüseynov və Bakı Rəsm Qalereyasının rəhbəri, görkəmli rəssam Eldəniz Babayev çıxış edərək, sərginin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, sərginin təşkil olunmasında əsas məqsəd ölkəmizin gələcəyi olan uşaqların bədii zövqünü formalaşdırmaq, onları milli mənəvi dəyərlərə yiyələndirmək, gələcəkdə Azərbaycan mədəniyyəti incilərini layiqincə qoruyub saxlamaları üçün onlarda bədii-estetik zövqü formalaşdırmaqdan ibarətdir. Natiqlər balacaların sərhədsiz istedadlarının kəşf edilməsi yönümündə təşkil olunan bu tipli sərgilərin davamlı olacağına inamlarını ifadə ediblər.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə təqdim olunan sənət əsərləri vətənpərvərlik, təbiətin tərənnümü, sualtı və kosmik həyat kimi mövzuları, həmçinin müxtəlif xalq nağıllarından götürülmüş epizodları özündə əks etdirir. Maraqla qarşılanan sərginin sonunda balaca rəssamlar müvafiq sertifikatlarla təltif ediliblər.