İQTİSADİYYAT
Sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğu yoxlanılır
Bakı, 4 iyun (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 50 ünvanında “Cem Ltd” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Bonjus” və “Lili” əmtəə nişanlı sərinləşdirici içkilərin müvafiq reseptura olmadan istehsal edildiyi, “Lili” əmtəə nişanlı sərinləşdirici içkilərin etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilmədiyi, habelə “Bonjus” əmtəə nişanlı sərinləşdirici içkilərin etiketində saxlanma temperaturunun və qida dəyərində üzvi turşuların miqdarının qeyd olunmadığı müəyyənləşmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qanun pozuntuları ilə əlaqədar, “Bonjus” və “Lili” sərinləşdirici içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə normativ sənədlərin tələblərinə cavab verməyən və müvafiq reseptura olmadan istehsal edilmiş 1162 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhvi barədə Dövlət Xidməti tərəfindən “Cem Ltd” MMC-yə icrası məcburi göstəriş verilmişdir.
Araşdırmalar davam edir.