QAN YADDAŞI
Səriyyə Müslümqızı: Bizim tək istədiyimiz Xocalı soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsidir
İstanbul, 23 fevral, AZƏRTAC
Otuz il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Onlardan 70-i ahıl, 63-ü azyaşlı, 106-sı isə qadındır. Yazdığım “Geriyə baxma” sənədli-xroniki əsərim bu ahılların faciəvi həyatından bəhs edir. Mən bu kitabı yazmaqla uzun illər boyu Xocalı soyqırımını görməyən, eşitməyən dünyaya insanlığa sığmayan bu qətliamı, bu qəddarlığı bir daha göstərmək istədim.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, publisist Səriyyə Müslümqızı bildirib.
Kitabda bəhsi keçən ahıllar arasında 1895-ci, 1897-ci illərdə dünyaya gələn insanların olduğunu deyən yazıçı bildirib: “Təsəvvür edin ki, bir əsrdən artıq yaşı olan yaşlı bir qadını ermənilər vəhşicəsinə, başını kəsərək, gözünü oyaraq qətlə yetirirlər. O insanlar o gecə, XIX əsrin sonu XX əsrin əvvəllərində dünyanın gözü qarşısında görülməmiş işgəncələrə məruz qalıblar. Bizim tək istədiyimiz səsimizi dünyaya çatdırıb, bu soyqırımı törədənlərin ədalət qarşısında cavab vermələrinin təmin olunmasıdır. Dünya başqasının torpağına göz dikən ermənilərin qadın, uşaq, yaşlı demədən bu soyqırımı törətdiklərini dərk etməlidir".
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul