İQTİSADİYYAT
Serkan Altıntel: Azərbaycanda təxminən 40 soyuducu sistem istismara vermişik
Bakı, 25 may, Samirə Quliyeva, AZƏRTAC
“Azərbaycan bazarında bizim üçün prioritet olan “World Food Azerbaijan” Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro” Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərində artıq bir neçə dəfə iştirak etmişik. Budəfəki iştirakımızın məqsədi isə yeni satış bazarlarının axtarışı, müştəri bazasının genişləndirilməsi, eləcə də tədbirin ziyarətçilərinə üstünlüklərimiz barədə məlumat verməkdən ibarətdir. Biz artıq Azərbaycanda təxminən 40 soyuducu sistem istismara vermişik və niyyətimiz bazardakı iştirakımızı daha da genişləndirməkdir.
“FrigoMekanik” şirkətinin layihə satışları üzrə direktoru Serkan Altıntel AZƏRTAC-ın müxbirinə bildirib ki, Türkiyənin böyük müəssisəsi olan “FrigoMekanik” şirkətinin Azərbaycanda nümayəndəliyi var. Şirkət istənilən növ qida məhsulları və dərman vasitələri üçün sənaye səviyyəli soyuducu sistemlər təklif etməklə yanaşı, dünyanın 56 ölkəsində öz müştərilərinə xidmət göstərir. Bizim xidmətlər arasında sözügedən sahə üzrə mühəndis-texniki və xüsusi həll variantları, eləcə də soyuducu anbarların istifadəyə hazır vəziyyətdə təhvil verilməsi yer alır. Bu soyuducu sistemlər məhsulların keyfiyyətini kifayət qədər uzun müddət qorumağa imkan verir və bu da həm istehlakçılar, həm də istehsalçılar üçün əlverişlidir.