İQTİSADİYYAT
Sərnişindaşımada yenilik: ictimai nəqliyyatda kart-ödəniş sistemi həm sürücü, həm də sərnişinlər üçün sərfəlidir
Bakı, 15 yanvar (AZƏRTAC). Bir neçə gündür ki, Bakının ictimai nəqliyyatında gediş haqqının kartla ödənilməsinin tətbiqinə başlanılmışdır. Əslində, sərnişindaşımada tətbiq olunan bu sistemin ötən il istifadəyə verilməsi nəzərdə tutulurdu. Lakin bəzi səbəblərdən yeniliyin tətbiqində gecikmələr yaranmışdı.
Bəs görəsən, kart sisteminin tətbiqindən sərnişinlər və avtobus sürücüləri nələr gözləyir? Paytaxtda sərnişinlər və sürücülər arasında apardığımız araşdırma zamanı məlum oldu ki, hər iki tərəf bu yeniliyin tətbiqinə müsbət yanaşır.
Paytaxt sakini Nadir Şirinov deyir ki, əslində bu, sərnişinlər üçün sərfəlidir - kartla ödəniş etmək daha rahatdır, nəinki nağd pulla. Hətta elə olur ki, sürücü üçün pulun qalığını qaytarmaq çətin olur. Bundan əlavə, bəzi hallarda sürücü sərnişinlə ünsiyyət zamanı kobudluğa yol verir, yaxud sərnişinlər sürücünün diqqətini yayındırır. Kartla ödəniş sistemi isə sürücünün sərnişinlə ünsiyyətini aradan qaldırır.
“Bəzən elə olur ki, sürücülər daha çox sərnişin götürmək üçün sanki bir-biri ilə yarışa girirlər”, - deyən N.Şirinov ümid etdiyini bildirir ki, kart sistemi bunun da qarşısını alacaqdır.
Digər sərnişinlər - Sahilə Nağıyeva, Taleh Məmmədov, Nəvai Hacıyev də bu fikirlərə şərik çıxırlar. Bəs görəsən, sürücülərin bu yeniliyə münasibəti necədir?
Paytaxtdakı 95 nömrəli marşrutda işləyən sürücü Fərhad Fərhadovun fikrincə ictimai nəqliyyatda kart sisteminin tətbiqi onlar üçün də əlverişlidir. Çünki əməkhaqqı sisteminə keçid sürücünü gündəlik plan ödəməkdən azad edəcək, sabit maaş olacaqdır. Gediş haqqının kartla ödənişi sürücü-sərnişin ünsiyyətini minimuma endirəcəkdir.
Türkiyədə 8 il sürücü işlədiyini vurğulayan F.Fərhadov qeyd edir ki, qardaş ölkədə ictimai nəqliyyat üçün ayrıca hərəkət zolağının yaradılması avtobusların işini xeyli asanlaşdırır. Düzdür, Bakıda bunu etmək o qədər də asan deyil. Hər halda bir çarə tapmaq olar.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun xidmət sahələrinin inkişaf problemləri şöbəsinin müdiri, mühəndis-iqtisadçı, ekspert Aqil Əsədovun da mövzu ilə bağlı fikirləri maraqlıdır. Mühəndis-iqtisadçı deyir ki, ictimai nəqliyyat sistemində bir sıra problemlər mövcuddur. Son dövrlərdə bu problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. İstər hərəkətin nizamlanmasında, istərsə də maliyyə şəffaflığında xüsusi əhəmiyyəti olan kart sisteminin tətbiqi uzun zamandır ki, müzakirə edilirdi. Nəhayət ki, ilk addım atılmışdır və yeni sistemə keçilir. Bu sistem ölkəmizin ictimai nəqliyyat sistemində sürücü-sərnişin mədəniyyətinin formalaşmasında müəyyən rol oynayacaqdır. Həyat göstərir ki, ictimai nəqliyyatda kartla ödəniş sisteminə keçid günümüzün reallığından irəli gələn bir zərurətdir.
A.Əsədov deyir ki, hər bir yenilik özü ilə müəyyən problemlər də gətirir. Məsələn, sərnişinlərin avtobuslara minib-düşməsində müəyyən çətinliklər yarana bilər. Avtobusa giriş qapılarının müvafiq avadanlıqlarla təmin edilməsi, həmçinin sərnişinlərin avtobusa daxil olarkən gediş haqqını dərhal ödəməsinə şərait yaradılması vacib şərtdir. İlk vaxtlar iritutumlu avtobuslarda sürücü köməkçisinin də olması ilə bu məsələni yoluna qoymaq mümkündür. Ümumilikdə isə, yaxşı olar ki, kart sistemi pilot layihə şəklində əvvəlcə bir neçə marşrutda tətbiq edilsin. Yarana biləcək problemlərin həlli sahəsində müvafiq təcrübə toplansın. Yalnız bundan sonra kart sistemi kütləvi şəkildə tətbiq olunsun.
Yanvarın 13-dən Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanıldığını deyən Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov bildirir ki, yeni sistemə ilk olaraq 10 və 95 nömrəli marşrut avtobusları keçmişdir. Fevralın sonunadək kart sistemi 36 marşrutda işləyən 650 avtobusu əhatə edəcəkdir. Ümumilikdə proses mərhələlərlə 2014-cü ilin sonunadək başa çatdırılacaqdır.
Kartla ödənişin sərnişinlərin avtobuslara minib-düşməsində müəyyən problemlər yarada biləcəyi ilə bağlı sualı cavablandıran mətbuat katibi qeyd edir ki, gediş haqqının ödənilməsi sərnişin avtobusa daxil olarkən həyata keçirilir. Ön qapıdan minən sərnişin kartını validatora yaxınlaşdırır və gediş haqqını ödədikdən sonra salona keçir.
Eyni zamanda, kart sistemi tətbiq olunan avtobuslarda gediş haqqını bir müddət nağd şəkildə ödəmək də mümkün olacaqdır. Prosesin ilkin mərhələsində sürücü də ehtiyat kartla təmin ediləcəkdir. Belə ki, kartı olmayan sərnişin gediş haqqını sürücüdəki ehtiyat kart vasitəsilə ödəyə biləcəkdir.
Pik saatlarda avtobuslardakı sıxlığa gəldikdə isə N.Həsənov bu məsələnin də geniş müzakirə olunduğunu, ödənişə nəzarət edilməsi, sürücülərin və sərnişinlərin bu prosesə öyrəşməsi üçün ilk mərhələdə hər avtobusda köməkçinin xidmətindən istifadə edilməsinin nəzərdə tutulduğunu vurğulamışdır.
İctimai nəqliyyatda kart sisteminə keçidlə əlaqədar təbii olaraq avtobus sürücülərinin əmək haqqı sisteminə keçidi də baş verir. Bu məsələyə münasibət bildirən N.Həsənov vurğulayır ki, Nəqliyyat Nazirliyi burada birbaşa rol oynamasa da, hazırda bu istiqamətdə sahibkarlarla müvafiq danışıqlar aparılır. Gərək məsələ elə həll olunsun ki, həm sürücülər, həm də avtobus sahibləri razı qalsın. Ona nail olmaq lazımdır ki, bu sistem sürücülərin qazancına mənfi təsir göstərməsin. Əksinə, yeni sistem sürücülərin sabit olaraq yüksək əmək haqqı almasını təmin etsin. Marşrut xəttinin səmərəliliyindən və məsafəsindən asılı olaraq əmək haqqının məbləği dəyişə bilər. Bu kimi hallar sahibkar ilə sürücü arasında bağlanan əmək müqaviləsində əksini tapacaqdır.
Sürücülər əməkhaqqına işlədikdən sonra onların bir-biri ilə “yarışa” çıxmasına ehtiyac qalmayacaqdır. Sirr deyildir ki, sürücü çox vaxt planı ödədikdən sonra daha çox qazanmaq məqsədi ilə öz marşrutları üzrə hərəkət edən digər avtobusları qabaqlamaq istəyir. Sürətin artırılması isə qəza şəraiti yaradır. Kart sisteminə keçid, eyni zamanda, avtobusların törətdiyi yol qəzalarının sayını da minimuma endirəcəkdir.
Nəqliyyat kartından istifadənin tətbiqi ilə bağlı hazırda Bakı Metropoliteni ilə də müvafiq danışıqlar aparıldığını deyən N.Həsənov paytaxtın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırmışdır. Onun sözlərinə görə, Bakı şəhərində nəqliyyatın normal hərəkətinin təmin edilməsi üçün yeni yol qovşaqları, yolötürücüləri, keçidlər tikiləcəkdir.
Ceyhun Rüstəmov
AZƏRTAC-ın müxbiri