REGİONLAR
“Şərq ölkələrindən gələnlər şəbəkə üsulu ilə hazırlanan nar fiqurlarına daha çox maraq göstərirlər” – şəbəkə ustası
Şəki, 23 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə qədim el sənətlərindən olan şəbəkə sənətini yaşadanlardan biri də tanınmış sənətkar Hüseyn Hacımustafazadədir. O, 35 ildən artıqdır ki, bu sənətdədir. Hüseynin Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndəki emalatxanasına hər gün onlarla yerli və xarici turist baş çəkir, sənəti ilə maraqlanır, alış-veriş edirlər. Yaradıcılığında daim yeniliklər etməyi xoşlayan sənətkar çalışır ki, emalatxanaya gələnləri razı salsın, eyni zamanda, şəbəkə sənətinin incəlikləri barədə onlara məlumat versin.
Hüseyn usta AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, emalatxanasına dünyanın hər yerindən - Avropadan, Çindən, Afrikadan, Amerikadan, Şərq ölkələrindən turistlər gəlir. İnsanlar müxtəlif olduğu kimi, zövqlər də müxtəlifdir. Hər turistin öz zövqünə görə suvenirlər hazırlayır: “Son vaxtlar Şərq ölkələrindən gələnlər şəbəkə üsulu ilə hazırlanan nar fiqurlarına daha çox maraq göstərirlər. Nar fiqurunu hazırlamaq mənim üçün yeni iş deyil. Hələ 2011-ci ildə kürə şəkilli şəbəkə formasında nar fiquru hazırlamışdım. Əl işim Mədəniyyət Nazirliyi tərəfindən Avstriyada, Vyana şəhərində keçirilən nar bayramında nümayiş etdirilmiş və çox böyük marağa səbəb olmuşdu”.
Usta deyir ki, turistlər üçün böyük ölçülü əl işlərini ölkələrinə aparmaq bir az çətindir. Ona görə də, xarici turistlər daha çox kiçik ölçülü əl işlərinə maraq göstərirlər. O, turistlərin zövqünə uyğun müxtəlif ölçülərdə kiçik suvenirlər, həmçinin nar fiqurları hazırlayır ki, həm aparılması asan olsun, turistlər ölkəmizdən razı getsinlər, eyni zamanda, mədəni irsimiz bütün dünyaya yayılsın.
Hüseyn Hacımustafazadənin sözlərinə görə, son dövrlər ərəb ölkələrindən gələn turistlərin sayı artıb. Onların bəziləri qədim, milli əşyamız, keçmiş sənətkarlar tərəfindən ixtira olunan, itib-batmaqda olan rəhil almağa da maraq göstərirlər. Rəhilin özəlliyi ondadır ki, o, bütöv taxtadan yonulur. Taxta 4 parçaya bölünür, ancaq bir-birinə bağlı şəkildə qalır.
Hüseyn usta Şəkidə tarixən formalaşmış şəbəkə sənəti ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün daim yeniliklər axtarır.