DÜNYA
Şərqi Çin dənizində batan İran tankerindən dənizə sızan yanacağın təmizlənməsinə başlanılıb
Bakı, 16 yanvar, AZƏRTAC
Şərqi Çin dənizində batan İrana məxsus tankerdən dənizə sızan yanacağın təmizlənilməsi işləri sürətlə aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin televiziyası məlumat yayıb. Bildirilir ki, iki gəmi vasitəsilə neft dağılmasını aradan qaldırmaq üçün dənizə kimyəvi maddələr püskürdülür. Neft dağılmasının tanker batdıqdan sonra iki dəfə artdığı qeyd edilir.
Xatırladaq ki, İranın Milli Tanker Şirkəti (NITC) tərəfindən idarə olunan “The Sanchi” adlı neft tankeri yanvarın 6-da gecə Şanxaydan 160 mil uzaqlıqda “CF Crystal” adlı gəmi ilə toqquşub. Tanker İrandan Koreya Respublikasına son dərəcə yüngül və uçucu neft növü olan 136 min ton kondensat daşıyırdı. Təxminən 1 milyon barrelə bərabər olan bu kondensat yükünün bazar dəyəri 60 milyon dollar təşkil edirdi. Toqquşma nəticəsində ABŞ taxılını daşıyan yük gəmisinə isə az ziyan dəymiş və hamısı Çin vətəndaşı olan 21 ekipaj qurtarılmışdı. Lakin yanvarın 14-də “The Sanchi” adlı neft tankeri batmış və 32 ekipaj üzvünün hamısı həlak olmuşdu. İran hökuməti yanvarın 15-ni ölkədə ümummilli matəm elan etmişdi. Qəzanın başvermə səbəbi hələ də bilinmir.