ELM VƏ TƏHSİL
Şərqşünas alim İstanbulda keçirilən konfransda iştirak edib
Bakı, 31 mart, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Roida Rzayeva Türkiyənin İstanbul şəhərində Humanitar, Sosial Elmlər və Menecment Tədqiqatları üzrə Beynəlxalq Assosiasiyanın təşkilatçılığı ilə keçirilmiş “Təhsil, marketinq, sosial və humanitar elmlər” üzrə 41-ci Beynəlxalq İstanbul Konfransında iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, alim konfransda “Postmüasirlik və media siyasəti kontekstində ideoloji diskurs” mövzusunda məruzə ilə çıxış edib.
Roida Rzayevanın məruzəsi beynəlxalq konfransın ən yaxşı məruzəsi seçilib və sertifikata layiq görülüb.
Şərqşünas alim ideologiyanın çoxölçülü sosial-mədəni hadisə olduğu üçün müasir dövrdə cəmiyyətdə bu fenomenin rolunun, yerinin və əhəmiyyətinin yenidən qiymətləndirilməsinə ehtiyac yarandığından bəhs edib. Məruzədə kütləvi media və qloballaşma dövrünün ideologiyaya ənənəvi baxışları dəyişdirdiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, onlar artıq ideoloji forma, üsul və qaydalarda baş verən dəyişiklikləri izah etmək iqtidarında deyil. Hər zaman ideologiyaya ehtiyac olduğu və həyatın ideologiyasız mümkün olmadığı üçün onun bu və ya digər cəmiyyətin reallıqları nəzərə alınaraq formalaşdırılması zəruridir.