REGİONLAR
Şərur rayonunda keçirilən “Gələcəyini planlaşdır” təlimi başa çatıb
![Şərur rayonunda keçirilən “Gələcəyini planlaşdır” təlimi başa çatıb](/files/2022/2/1200x630/16549494594918012557_1200x630.jpg)
Şərur, 11 iyun, AZƏRTAC
Şərur rayonunda İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində “Gələcəyini planlaşdır” təlimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək, muxtar respublikada dövlət qadın siyasətinin uğurlarından danışıb.
Qeyd olunub ki, “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi artıq icra olunmağa başlayıb. Layihə çərçivəsində əsasən xüsusi qayğıya ehtiyacı olan, eləcə də istedadlı qadınlara öz işlərini qurmaq və ya genişləndirmək üçün sərmayə kapitallarının verilməsi muxtar respublikada məşğulluğun artırılması tədbirləri çərçivəsində həyata keçirilir.
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova çıxışında bildirib ki, muxtar respublikada qadınlara yüksək diqqət və qayğı göstərilir. Bu gün qadınların məşğulluqlarının təmin edilməsi ən vacib məsələlərdən biridir. Ona görə də bu sahənin inkişaf etdirilməsi üçün müxtəlif sosial layihələr icra olunur. Növbəti layihənin icrası çərçivəsində Şərur rayonunda təşkil edilən təlim bu mənada mühüm əhəmiyyət daşıyır.
Çıxış edənlər qadınlara göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, layihə iştirakçılarına uğurlar arzulayıblar.
Təlimlərin məqsədi haqqında məlumat verən Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova diqqətə çatdırıb ki, təlimlər layihə iştirakçıları olan qadınların maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə xidmət edir. Təlimlərdə xüsusən sağlamlıq imkanları məhdud olan qadınların sahibkarlıq fəaliyyətinin təşviq edilməsi qarşıya məqsəd qoyulub.
Sonra maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təliminə start verilib. Şərur və Sədərək rayonlarından, ümumilikdə, 24 qadının iştirak etdiyi təlim diskussiya şəraitində davam edib.