DÜNYA
Şəxsi məlumatların toplanmasını dayandırmağı tələb edən petisiyanı 500 mindən çox adam imzalamışdır
Bakı, 28 iyun (AZƏRTAC). Telefon danışıqları və elektron yazışmalar barədə şəxsi məlumatların toplanmasına son qoyulması tələbi ilə ABŞ Konqresinə ünvanlanmış petisiyanı 500 mindən çox vətəndaş imzalamışdır.
Petisiyanı müxtəlif ölkələrin sakinləri imzalasalar da, onların arasında amerikalılar və avropalılar çoxluq təşkil etmişlər.
Petisiyanın təşəbbüskarları İnternetdə intellektual mülkiyyətə nəzarət edən “Mozilla Foundation” qeyri-kommersiya təşkilatı və ABŞ-ın Vətəndaş Hüquqları uğrunda Mübarizə İttifaqıdır.
Bu təşkilatlar telefon danışıqlarının qlobal miqyasda dinlənilməsinə, elektron poçt məlumatlarının və internet-telefon sistemləri ilə danışıqların izlənilməsinə qarşı mübarizə aparmaq üçün onlarca başqa qeyri-hökumət və hüquq müdafiə təşkilatı ilə bərabər vahid cəbhə yaratmışlar.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin ABŞ-ın xüsusi xidmət idarələrinin fəaliyyəti ilə bağlı bir sıra ifşaları bu kampaniyaya təkan vermişdir.