REGİONLAR
Səyyar “ASAN xidmət” Qazaxda 4978 nəfərə xidmət göstərib
Qazax, 6 aprel, Rauf Hacıyev, AZƏRTAC
Səyyar “ASAN xidmət” aprelin 15-dən mayın 4-dək Qazax rayonunun sakinlərinə xidmət göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 gün müddətində 4978 nəfər rayon sakini Gəncə səyyar “ASAN xidmət”dən yararlanıb.
Səyyar “ASAN xidmət”in nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhərində xidmət göstəriblər.
Səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunub. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxil edilib.
Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilib. Bununla yanaşı, vətəndaşlar "Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən də yararlana biliblər.