“Səyyar kitabxana” Bərdədə
Bərdə, 23 dekabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində reallaşan “Səyyar kitabxana” dekabrın 20-dən 29-dək Bərdə sakinlərə xidmət göstərəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Səyyar kitabxana” Bərdə Regional “ASAN xidmət” Mərkəzinin həyətində saat 09:00-dan 18:00-dək xidmət göstərir. Üç min çap olunmuş, beş min elektron kitab bazası ilə yenilənmiş “Səyyar kitabxana”da oxucular bədii ədəbiyyat, fəlsəfə, tarix, sosiologiya, elm və təhsil, mədəniyyət, idman, incəsənət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar əldə edə bilərlər. Kitablar Azərbaycan, türk, rus və ingilis dillərindədir.
Qeyd edək ki, 2013-cü ildən həyata keçirilən bu layihə indiyədək respublikamızın 43 rayon və şəhərində reallaşdırılıb. Layihənin məqsədi kitabları fərqli məkanlarda və fərqli formada gənclərə təqdim etməklə, onların kitab oxumağa olan marağını artırmaq, çətin tapılan kitabları daha asan yolla təmənnasız əldə etmək imkanı yaratmaq, gənclərin maariflənməsi işinə dəstək göstərməkdir.