Azərbaycan Dövlət İnformasiya Agentliyi

SIĞORTA FƏALİYYƏTİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I FƏSİL
ÜMUMİ MÜDDƏALAR

Bu Qanun Azərbaycan Respublikasında sığorta sisteminin inkişafının, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində dövlət tənzimlənməsinin və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Bu Qanun sosial sığorta münasibətlərinə şamil edilmir.

I Fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.1.1. sığorta - sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

1.1.2. təkrarsığorta - sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

1.1.3. sığortaçı - bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;

1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;

1.1.5. sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;

1.1.6. faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs;

1.1.7. təkrarsığortaçı - sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olan ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf;

1.1.8. təkrarsığortalı - sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçı;

1.1.9. sığorta nəzarəti orqanı - sığorta sektorunda dövlət tənzimləməsi və nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;

1.1.10. sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;

1.1.11. sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;

1.1.12. sığorta qaydaları - sığorta qanunvericiliyinə uyğun olaraq, sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfindən və ya sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada hazırlanan, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd;

1.1.13. sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;

1.1.14. sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

1.1.15. sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

1.1.16. qaytarılan məbləğ - həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən sığortaçının sığortalıya ödəməli olduğu pul məbləği;

1.1.17. sığorta predmeti - sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;

1.1.18. sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;

1.1.19. sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

1.1.20. sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq müraciətinə münasibətdə “təkrarsığorta tələbi” kimi işlədilir;

1.1.21. sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

1.1.22. şəxsi tutum - sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən sığorta riskinin sığortaçının (təkrarsığortalının) öhdəliyində qalan hissəsi;

1.1.23. şərikli sığorta - sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərinin birgə sığortalanması və sığorta ödənişi üzrə öhdəliklərin bölüşdürülməsi barədə bir neçə sığortaçının öz aralarında bağladıqları müqavilədən yaranan hüquqi və iqtisadi münasibətlər mexanizmi;

1.1.24. həyatın yığım sığortası - sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının forması;

1.1.25. aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;

1.1.26. lisenziya - sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya təkrarsığorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd;

1.1.27. tələb olunan kapital - sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ;

1.1.28. sığortaçının öz vəsaiti - sığortaçının öhdəliklərindən azad olan, məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləri;

1.1.29. məcmu kapital - sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləği;

1.1.30. şəxs - fiziki şəxs və ya hüquqi şəxs;

1.1.31. yerli hüquqi şəxs - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən istənilən hüquqi şəxs;

1.1.32. xarici fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı olmayan və daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olmayan fiziki şəxs;

1.1.33. xarici hüquqi şəxs - yerli hüquqi şəxs anlayışı ilə əhatə edilməyən hüquqi şəxslər;

1.1.34. xarici sığortaçı - öz ölkəsinin qanunvericiliyinə əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs;

1.1.35. xarici təkrarsığortaçı - öz ölkəsinin qanunvericiliyinə əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs;

1.1.36. törəmə cəmiyyət - bu Qanunun məqsədləri üçün idarə edilməsində əsas təsisçisinin (səhmdarının) əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs;

1.1.37. asılı cəmiyyətlər - biri digərinin və ya onların hər birinin eyni üçüncü şəxsin (şəxslərin) əhəmiyyətli nəzarəti altında olan hüquqi şəxslər;

1.1.38. əhəmiyyətli müqavilə - bu Qanunun məqsədləri üçün, hər hansı şəxsə onun hüquqi şəxsin səhmlərinə malik olub-olmamasından asılı olmayaraq həmin hüquqi şəxsə qərarların qəbul edilməsində mühüm təsir göstərmək səlahiyyəti verən müqavilə;

1.1.39. əhəmiyyətli nəzarət - bu Qanunun məqsədləri üçün səhmdarın hüquqi şəxsin yerləşdirilmiş adi səhmlərinin 50 faizinə və ya daha çox hissəsinə malik olması, yaxud əhəmiyyətli müqavilə əsasında hər hansı şəxs tərəfindən hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı;

1.1.40. mühüm iştirak payı - nizamnamə kapitalında yerləşdirilmiş səhmlərin 20 və ya daha çox faizinə birbaşa və ya dolayı yolla malik olma; şəxs hüquqi şəxsdə o zaman dolayı yolla mühüm iştirak payının sahibi hesab edilir ki, o, bu hüquqi şəxsdə mühüm iştirak payına malik olan digər hüquqi şəxsə əhəmiyyətli nəzarəti həyata keçirsin;

1.1.41. vətəndaş qüsursuzluğu - bu Qanunda nəzərdə tutulan şəxslər üçün:

1.1.41.1. qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması;

1.1.41.2. mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkumluğun olmaması;

1.1.41.3. müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmaması;

1.1.42. yaxın qohumlar - bu Qanunun məqsədləri üçün ər, arvad, valideynlər, övladlar, övladlığa götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın valideynləri, bacıları, qardaşları.

1.2. Aşağıdakı hallarda bu Qanunla müəyyənləşdirilmiş sığortaçı və xarici sığortaçı anlayışları müvafiq olaraq təkrarsığortaçını və ya xarici təkrarsığortaçını da əhatə edir:

1.2.1. müvafiq müddəada xüsusi olaraq fərqləndirilmədikdə;

1.2.2. yalnız sığortaçıya və ya xarici sığortaçıya münasibətdə tətbiq edilə bilən məzmun ifadə olunmadıqda;

1.2.3. eyni cümlədə həm sığortaçı, həm də təkrarsığortaçı, yaxud həm xarici sığortaçı, həm də xarici təkrarsığortaçı anlayışından istifadə edilmədikdə;

1.2.4. sığortaçı və ya xarici sığortaçı anlayışından istifadə olunan müddəada yalnız təkrarsığortaçıya və ya xarici təkrarsığortaçıya şamil olunan başqa hal müəyyən edilmədikdə.

Maddə 2. Sığorta qanunvericiliyi

2.1. Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi aktlardan, icbari sığorta qanunvericiliyindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Sığorta nəzarəti orqanı sığorta bazarının tənzimlənməsi üzrə sığorta qanunvericiliyinə müvafiq olan normativ hüquqi aktlar qəbul etmək, həmçinin sığortaçılar və sığorta vasitəçiləri üçün normativləri müəyyən etmək səlahiyyətinə malikdir.

Maddə 3. İcbari və könüllü sığorta

3.1. İcbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa sığorta nəzarəti orqanından icazəsi olan sığortaçı bağlaya bilər.

3.2. İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir.

3.3. Bu Qanuna uyğun olaraq başqa hal tətbiq edilmirsə könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir.

3.4. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna edilməklə icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.

Maddə 4. Sığorta fəaliyyəti ilə bağlı müəyyən sözlərdən digər şəxslərin adlarında istifadəyə qadağalar

4.1. Sığortaçı, təkrarsığortaçı və ya sığorta vasitəçisi olmayan hüquqi şəxslərin öz adında «sığorta», «təkrarsığorta», «sığorta brokeri», yaxud “sığorta agenti” sözlərini, həmçinin həmin sözlərdən törəmiş, özündə sığorta və təkrarsığorta əməliyyatlarının həyata keçirilməsini, yaxud sığorta vasitəçiliyini ifadə edən digər sözləri istifadə etməsi qadağandır.

4.2. Sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud bu Qanunda nəzərdə tutulmuş hər hansı növ lisenziya verilməsindən imtina edilmiş hüquqi şəxs, bu barədə sığorta nəzarəti orqanının müvafiq qərarının qəbul edildiyi tarixdən 2 ay müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və ya könüllü qaydada ləğv edilməlidir.

4.3. Hüquqi şəxs bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət etmədikdə sığorta nəzarəti orqanının iddiası əsasında məhkəmənin qərarı ilə məcburi qaydada ləğv olunur.

Maddə 5. Sığorta sistemi və sığorta bazarının iştirakçıları

5.1. Sığorta sistemi sığorta bazarının iştirakçılarından və sığorta nəzarəti orqanından ibarətdir.

5.2. Sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlər, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və sığorta qanunvericiliyində peşəkar iştirakçı kimi nəzərdə tutulmuş başqa şəxslər sığorta bazarının peşəkar iştirakçılarıdır.

5.3. Sığortalılar, sığorta olunanlar, faydalanan şəxslər və sığorta qanunvericiliyində nəzərdə tutulmuş başqa şəxslər sığorta bazarının digər iştirakçılarıdır.

Maddə 6. Sığorta sirri

6.1. Aşağıdakı məlumatlar sığorta sirri hesab edilir:

6.1.1. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin adı, ünvanı və digər şəxsi məlumatları;

6.1.2. hər hansı sığorta müqaviləsinin sığorta məbləği və ya qaytarılan məbləğ;

6.1.3. hər hansı sığorta müqaviləsi üzrə ödənilmiş, yaxud ödənilməmiş sığorta haqqı;

6.1.4. hüquqi şəxs olan sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin kommersiya və ya biznes sirri;

6.1.5. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin şəxsi və ailə həyatı ilə bağlı, o cümlədən səhhətinə və əmlakına aid məlumatlar.

6.2. Sığorta bazarının peşəkar iştirakçıları peşəkar fəaliyyətləri nəticəsində əldə etdikləri sığorta sirri hesab edilən məlumatları qorumalı, həmin məlumatları aşağıdakı hallardan başqa digər şəxslərə açıqlamamalıdırlar:

6.2.1. sığorta sirrinin aid olduğu şəxsin yazılı razılığı əsasında;

6.2.2. təkrarsığorta və ya şərikli sığorta müqaviləsi bağlamaq məqsədi ilə təkrarsığorta və ya şərikli sığorta müqaviləsinin digər tərəfinə;

6.2.3. səlahiyyətli orqanın qərarı əsasında ibtidai istintaq orqanının icraatında olan cinayət işləri üzrə həmin orqana;

6.2.4. məhkəmənin qərarı əsasında onun icraatında olan işlər üzrə həmin məhkəməyə;

6.2.5. sığorta sistemində tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə sığorta nəzarəti orqanın yazılı tələbi əsasında həmin orqana;

6.2.6. sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisəsinin araşdırılması və (və ya) zərərlərin tənzimlənməsi üçün lazım olan istənilən məsələlər üzrə sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslərə və sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta əməliyyatlarına cəlb olunmuş müstəqil ekspertlərə;

6.2.7. icbari sığorta haqqında qanunvericiliyə müvafiq olaraq digər şəxslərə;

6.2.8. fiziki şəxs sığortalı, sığorta olunan və ya faydalanan şəxs öldükdə aşağıdakı şəxslərə:

6.2.8.1. notariat qaydasında təsdiq edilmiş ərizələri əsasında vərəsələrə;

6.2.8.2. məhkəmənin qərarı əsasında icraatında ölmüş müvafiq şəxslə bağlı vərəsəlik işləri olan məhkəməyə;

6.2.8.3. şəxsin ölməsi haqqında şəhadətnamənin surəti əlavə olunmaqla müvafiq notariusun yazılı sorğusu əsasında ölmüş şəxslə bağlı vərəsəlik məsələlərinə baxan notariusa;

6.2.8.4. xarici ölkələrin konsulluq idarələrinin yazılı sorğusu əsasında icraatlarında ölmüş şəxslə bağlı vərəsəlik işləri olan həmin idarələrə.

6.3. Sığorta sirrini qanuni yolla əldə edən bütün şəxslər onu yaymağa və digər şəxslərə açıqlamağa görə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin