İQTİSADİYYAT
Sığorta Təlimi Mərkəzinin bir illik strateji planı müzakirə edilib
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icbari sığorta növləri üzrə komitəsinin iclasında ölkəmizdə yaradılmış Sığorta Təlimi Mərkəzinin (STM) 1 illik strateji planı müzakirə edilib, təklif və rəylər nəzərdən keçirilib, STM-in əsas fəaliyyət istiqamətləri müəyyən olunub.
ASA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda, həmçinin zəmanəti olan avtomobillərin təmirinin sığorta şirkətlərinə yaratdığı problem də müzakirə edilib. Bildirilib ki, əsasən avtomobillərin icbari sığortasında şirkətlərdən maşına dəymiş istənilən ziyanın rəsmi avtoservisdə aradan qaldırılması tələb olunur. Bu isə sığortaçının xərcini artırır. Çünki adi servislərlə müqayisədə rəsmi servislərdə təmir xərcləri yüksəkdir. Halbuki bəzi problemləri adi servisdə də aradan qaldırmaq mümkündür. Bu məsələnin avtoservislərlə və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası ilə müzakirə edilməsi qərara alınıb.