SİYASƏT
Şimali İrlandiya-Azərbaycan münasibətləri müzakirə edilmişdir
London, 30 yanvar (AZƏRTAC). Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Şimali İrlandiya Assambleyasında “Azərbaycan-Şimali İrlandiya münasibətləri” mövzusunda görüş keçirilmişdir.
Görüşdə Şimali İrlandiya Qanunvericilik Assambleyasının 10 üzvü də daxil olmaqla, 60-a yaxın dövlət və hökumət nümayəndəsi iştirak etmişdir.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov ölkəmizin inkişaf tarixindən danışmış, respublikamızın son illərdə qazandığı uğurlardan bəhs etmişdir. Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən səfir ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verildiyini vurğulamışdır. F.Qurbanov Azərbaycan və Şimali İrlandiya arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Şimali İrlandiyanın birinci naziri Peter Robinson Azərbaycan və Şimali İrlandiya arasında qarşılıqlı sərmayə qoyuluşunun artmaqda olduğunu diqqətə çatdırmış, qarşılıqlı rəsmi səfərlərin getdikcə intensivləşəcəyinə ümid bəslədiyini bildirmişdir.
AAC media bölməsinin rəhbəri Emil Ağazadə İrlandiyanı ziyarət etdikdən sonra buradakı insanların azərbaycanlılarla oxşar dünyagörüşünə malik olduqlarını vurğulamışdır.
Bakıda və Naxçıvan Muxtar Respublikasında işləmiş irlandiyalı biznesmen, “Action Renewables” şirkətinin icraçı direktoru Maykl Doran ölkəmiz haqqında təəssüratlarını bölüşmüş, azərbaycanlıların çalışqan, ağıllı və qonaqpərvər olduqlarını qeyd etmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London