DÜNYA
Şinzo Abenin dövlət dəfn mərasimi təqribən 1,65 milyard yenə başa gələcək
Tokio, 6 sentyabr, AZƏRTAC
Yaponiyanın sabiq Baş naziri Şinzo Abenin dövlət dəfn mərasimi təqribən 1,65 milyard yenə (11,7 milyon dollar) başa gələcək.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 6-da Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda keçirilən mətbuat konfransında bildirib.
Baş katibin elan etdiyi xərclər smetasına görə, təqribən 800 milyon yen (5,7 milyon dollar) tədbirin mühafizəsinə, 600 milyon yen (4,2 milyon dollar) isə təmsilçilik xərclərinə və xarici qonaqların yerləşdirilməsinə sərf olunacaq. Tədbirin özü isə Yaponiya büdcəsinə 250 milyon yenə (1,78 milyon dollar) başa gələcək. Beləliklə, Ş.Abenin dövlət dəfn mərasiminə ümumilikdə 1,65 milyard yen (11,7 milyon dollar) sərf ediləcək.
“Biz məsələnin mahiyyətinin yapon xalqına izah olunmasını davam etdirəcəyik və bununla bağlı anlayış gözləyirik”, - deyə baş katib vurğulayıb.
H.Matsuno, həmçinin qeyd edib ki, mərasimə 50 yüksək səviyyəli əcnəbi qonağın qatılacağı gözlənilir.
Yaponiya hökumətinin baş katibi onu da bildirib ki, Ş.Abenin dövlət dəfn mərasimi çərçivəsində ölkənin özünümüdafiə qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə fəxri salamlama və mərasimin keçirilməsi də nəzərdə tutulub.
Xatırladaq ki, Yaponiyanın keçmiş Baş nazirinin qətli iyulun əvvəlində baş verib.
Yaponiya Nazirlər Kabinetinin dövlət dəfn mərasiminin təşkili ilə bağlı qərarı ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. İctimai rəy sorğusunda iştirak edənlərin yarıdan çoxunun bu qərarı dəstəkləmədiyi bildirilir.
Qeyd edək ki, dövlət dəfn mərasimi sentyabrın 27-də Tokioda, İmperator sarayının yaxınlığında yerləşən “Budokan” idman arenasında keçiriləcək.
Tokio