İQTİSADİYYAT
Şirkətlər “Caspian Energy Award-2016” və “Caspian Business Award–2016” mükafatlarında iştiraka dəvət olunublar
Bakı, 25 yanvar, AZƏRTAC
“Caspian Energy International Media Group”un Direktorlar Şurası “Caspian Energy Award-2016” (www.CaspianEnergyAward.com) və “Caspian Business Award-2016” (www.Award.CEO) beynəlxalq mükafatlarının təqdimetmə mərasiminin bu il aprelin 20-də Bakıda təşkili ilə bağlı qərar qəbul edib.
“Caspian Energy International Media Group”un Direktorlar Şurasının sədri Telman Əliyev AZƏRTAC-a bildirib ki, “Caspian Energy Award-2016” və “Caspian Business Award-“2016 beynəlxalq mükafatlarında iştirak etmək imkanını təkcə “Caspian European Club”un (Caspian Business Club) üzv şirkətləri deyil, həm də öz fəaliyyət sahələri üzrə fərqlənən dünyanın 50 ölkəsinin müxtəlif şirkətləri əldə ediblər.
Onun sözlərinə görə, hər iki mükafat üzrə nominantlar www.CaspianEnergyAward.com və www.Award.CEO saytlarında dünyanın 50-dən çox ölkəsinin yüksək və orta səviyyəli şirkətlərinin menecerləri arasında keçirilən internet sorğusu əsasında müəyyənləşəcək.
“Caspian Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları bir qayda olaraq, siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının neft və qaz, daşınma, inşaat, turizm, avtomobil sənayesi, telekommunikasiya və informasiya texnologiyaları, maliyyə-kredit sistemi, ekologiya və sair sahələri üzrə inkişafına verdiyi töhfəyə görə təqdim olunur.
“Caspian Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları “Caspian European Club” (Caspian Business Club) və “Caspian Energy International Media Group”un dəstəyilə keçirilir.