REGİONLAR
Siyəzən və Şabranda yeniyetmə futbolçular arasında keçirilən turnirlərin qalibləri mükafatlandırılıb
Siyəzən, 4 noyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən və Şabranda yeniyetmə futbolçular arasında keçirilən yarışların qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzəndə təşkil olunan yeniyetmələr arasında minifutbol üzrə “Zəfər kuboku”nu M.Müşfiq adına şəhər 2 saylı tam orta məktəbin komandası qazanıb.
Final görüşündə N.Əsədov adına şəhər 4 saylı məktəbin komandası üzərində qələbə qazanan kollektivin üzvləri kubok, medal və fəxri fərmanlarla təltif ediliblər.
Mükfatlandırma mərasimində bildirilib ki, Siyəzən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2007-2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət 16 komanda iştirak edib. Turnir şəhidlərimizin xatirəsinin yad edilməsi, yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanması, futbol idman növünün və sağlam həyat tərzinin yeniyetmələr arasında təbliğ olunması məqsədi daşıyıb.
Şabranda isə 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə 2009-2010-cu və 2011-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən futbol birinciliyinin qalibi müəyyənləşib.
Rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Mərkəzi ilə birlikdə təşkil etdiyi turnirdə “Polad”, “Şabran”, “Mübariz”, “Zəfər”, “Çıraqqala” və “Babək” komandaları medallar uğrunda mübarizə aparıb.
Qalib komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.