REGİONLAR
Siyəzəndə kross qaçışı üzrə yarışın qalibləri mükafatlandırılıb
Siyəzən, 31 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 31-də Siyəzəndə kross qaçışı üzrə rayon çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinə həsr olunan yarışda gənc atletlər 2000 metr məsafəyə qaçış üzrə qüvvələrini sınayıblar.
Gənclər və İdman İdarəsinin Rayon Təhsil şöbəsi ilə birgə təşkil etdiyi yarış atletika idman növlərinin rayonda inkişaf etdirilməsi, gənclərin fiziki hazırlığının yüksəldilməsi, sağlam həyat tərzinin gənclər arasında təbliği, zona və respublika səviyyəli yarışlarda rayonu təmsil edəcək perspektivli idmançıların müəyyən edilməsi məqsədi daşıyıb.
Yarışın nəticəsinə əsasən Ramiz Əsgərov I, Hüseyn Nəcəfov II, Ələsgər Dostuyev III yeri tutublar. Qalib idmançılar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.