DÜNYA
Smartfonların inkişafı genişzolaqlı internetdən asılıdır
Bakı, 6 yanvar (AZƏRTAC). Simsiz genişzolaqlı internetin mövcudluğu mobil qurğu və servislər üçün başlıca şərt olacaqdır.
Bu barədə Çinin “Huawei” şirkətinin Rusiya nümayəndəliyinin rəhbəri Van Bao bildirmişdir.
Van Baonun fikrincə, gələcəyin əsas meylləri genişzolaqlı internetə çıxışın inkişafı olmalıdır. Bununla yanaşı, texnologiyaların inkişafı və yeni nəsil şəbəkələrə keçid üçün əsas stimul istifadəçilərə informasiyanın ötürülməsinə görə xərclərin azaldılması olacaqdır.
İstifadəçilər, istehlakçılar, korporativ sektor və kompyuterlər üçün trafikə tələbat daima artacaqdır.
Hazırda “Huawei” şirkətinin əsas fəaliyyət istiqaməti ilk növbədə “LTE” texnologiyasına əsaslanan avadanlıq və servislərin inkişaf etdirilməsidir.
Çin istehsalçısı 2018-ci ilədək məlumatları saniyədə 10 giqabit sürəti ilə ötürməyə imkan verən “5G” şəbəkələrinin inkişafına 600 milyon dollar investisiya yatırmağı və 2020-ci ilədək onların kommersiya istifadəsinə başlamağı planlaşdırır.