İQTİSADİYYAT
SOCAR “Caspian Energy Forum – 2015”ə rəsmi dəstək göstərir
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu il martın 11-də Bakıda keçiriləcək Üçüncü Beynəlxalq “Caspian Energy Forum - 2015”i rəsmi dəstəkləyib.
“Caspian European Club”un icraçı direktoru Telman Əliyev AZƏRTAC-a bildirib ki, tədbirdə Azərbaycan, Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik və qurumların sədrləri, ölkəmizdə akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcək.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektləri müzakirə ediləcək. Azərbaycanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz upstream-i, Cənub dəhlizi layihələri, Xəzərin resurs potensialı məruzəçilərin, deleqatların və forum iştirakçılarının diqqət mərkəzində olacaq.
Forumun ikinci hissəsində isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş “Caspian European Forum” keçiriləcək. “Caspian European Forum” çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyr-neft sektorunun sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq.
Tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün də lazımı şərait yaradılacaq. Axşam qala-ziyafət çərçivəsində isə “Caspian Energy Award - 2015” mükafatının rəsmi təqdimetmə mərasimi keçiriləcək.