İQTİSADİYYAT
Soçidə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının 60-cı iclası keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Soçi şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 60-cı iclası keçirilib. Tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, iclasda 2012-2015-ci illər ərzində MDB üzv dövlətlərin gömrük orqanları mətbuat xidmətlərinin ictimaiyyətlə əlaqələrin təmin edilməsi üzrə qarşılıqlı fəaliyyət konsepsiyasının müddəalarının həyata keçirilməsinə dair məsələ müzakirə olunub. Eyni zamanda, Gömrük Xidməti Rəhbərləri Şurası hüquq mühafizə bölmələri başçıları komitəsinin və Dünya Gömrük Təşkilatının fəaliyyəti üzrə Regional Əlaqələndirmə Qovşağı RİLO-Moskvanın 2015-ci il üçün iş planlarının təsdiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
İclas çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov arasında görüş keçirilib. Görüşdə iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinin perspektivlərindən danışılıb, həmçinin ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı təkliflər səsləndirilib. Bu istiqamətdə iki ölkənin əlaqədar qurumları arasında imzalanması nəzərdə tutulan protokol layihəsi üzərində hazırlıq işlərinin getdiyi diqqətə çatdırılıb.