ELM VƏ TƏHSİL
“ŞÖHRƏT LABORATORİYASI” ADLI ELMİ MÜSABİQƏ KEÇİRİLİR
British Council təşkilatından AZƏRTAC-a bildirmişlər ki, qurum Qafqaz Universiteti və “Bank Standard” ilə birgə “Şöhrət laboratoriyası” adlı elmi müsabiqə keçirir.
İlk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışın məqsədi elmi tələbə auditoriyasından çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.
“Şöhrət laboratoriyası” müsabiqəsi British Council təşkilatının təşəbbüsü ilə artıq ikinci ildir ki, Azərbaycan, Avstriya, Türkiyə, Bolqarıstan, İsrail də daxil olmaqla Cənub-Şərqi Avropanın 9 ölkəsində, eləcə də Böyük Britaniyada keçirilir.
Mart ayında Qafqaz Universitetində keçirilmiş yarımfinal mərhələsində münsiflər heyətinin rəyinə əsasən, 10 nəfər iştirakçı finala çıxmışdır. Aprelin 10-da “Hyatt Regency” mehmanxanasında keçiriləcək final mərhələsində iştirakçılar beş dəqiqəlik təqdimatları ilə Azərbaycanı festivalda təmsil etmək uğrunda yarışacaqlar.
Müsabiqənin qalibi bütün xərclərin British Council tərəfindən ödənilmək şərtilə cari ilin iyununda Çeltenham Elm Festivalında iştirak etmək üçün Böyük Britaniyaya gedəcək və “Bank Standard”dan noutbuk qazanacaqdır.
Finala çıxmış 10 nəfərin hər birinə mp3 pleyeri, 2-ci və 3-cü yerləri tutanlara, eləcə də auditoriya tərəfindən seçilmiş bir iştirakçıya rəqəmsal videokamera təqdim ediləcəkdir.
Aprelin 9-da Qafqaz Universitetində britaniyalı elm xadimi Sanjida O`Connell finalçılara natiqliyə həsr olunmuş ustad dərsi keçəcəkdir.
######