SOLT-LEYK-SİTİDƏ QIŞ OLİMPİYA OYUNLARI BAŞLANMIŞDIR
ABŞ-ın Solt-Leyk-Siti şəhərində XlX qış Olimpiadası başlanmışdır. ”Alovun nuru” devizi ilə keçirilən bu mötəbər yarışların təntənəli açılış mərasimində ABŞ Prezidenti Corc Buş, Beynəlxalq Olimpiya Komitəsinin /BOK/ prezidenti Jak Roqq və indiki olimpiadanın təşkilat komitəsinin rəhbəri Mitt Romni iştirak etmişlər.
Mərasimin əvvəlində Dünya Ticarət Mərkəzinin xarabalıqlarından didik-didik vəziyyətdə tapılmış ABŞ bayrağı stadiona gətirildi. Birləşmiş Ştatların milli himni səsləndi. 77 ölkədən 2531 idmançının iştirak etdiyi bu oyunların qayəsi bütün sivilizasiyalı dünyanın terrorizm təhlükəsinə qarşı mübarizədə sıx birliyi ideyasıdır.
Ənənəyə görə, iştirakçıların rəsm-keçidini Olimpiya oyunlarını dünyaya bəxş etmiş Yunanıstanın komandası açdı. Stadionda Olimpiadanın iştirakçısı olan ölkələrin çoxsaylı bayraqları arasında Azərbaycan Respublikasının üçrəngli bayrağı da dalğalanırdı.
BOK-un prezidenti Jak Roqq mərasimdə çıxış edərək, olimpiya hərəkatının bütün iştirakçılarını planetimizdə sülhü birgə səylərlə yaratmağa çağırdı. O, ümidvar olduğunu bildirdi ki, bu Oyunlar zamanı bütün beynəlxalq birlik silahlı münaqişələr üzərində BMT tərəfindən qoyulmuş moratoriyə əməl edəcəkdir.
ABŞ Prezidenti Corc Buş üçüncü minilliyin ilk olimpiya oyunlarını açıq elan etdi: “Bütün xalq və böyük millət adından Solt-Leyk-Sitidə qış Olimpiya oyunlarını açıq elan edirəm”.
Olimpiya bayrağı qaldırıldıqdan və olimpiya himni səsləndikdən sonra ABŞ yığma xokkey komandasının kapitanı, 1980-ci ilin olimpiya çempionu Mayk Eruzion stadionda 36 metr hündürlüyündə quraşdırılmış camda məşəli alovlandırdı.
Indiki Oyunlarda Azərbaycanı dörd idmançı- Sergey Rılov /fiqurlu konkisürmə/, Kristina Freyzer-İqor Lukanin /rəqs dueti/, Elbrus İsakov /dağ xizəkçiliyi/ təmsil edəcəkdir.