REGİONLAR
Son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb
Şuşa, 16 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-iyul ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan iqtisadiyyatında dinamik inkişaf prosesləri bir qədər də intensivləşib. Sözügedən müddətdə ÜDM real ifadədə 6,2 faiz bəndi, qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 9,9 faiz bəndi artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O bildirib ki, ölkənin strateji valyuta ehtiyatları 56,1 milyard ABŞ dolları təşkil edərək 2021-ci il üzrə ÜDM-in həcmini keçib. 2022-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard dollardan artıq vəsait yönəldilib. Bu investisiyaların 26 faizə yaxın hissəsi, yəni təqribən 1 milyard dolları xarici mənbə hesabına formalaşıb, 63 faizi isə qeyri-neft-qaz sektoruna ayrılıb. Xarici ticarət dövriyyəsi 30 milyard dollardan artıq həcmi əhatə edib, qeyri-neft ixracı 24 faizdən çox artıb və 15 milyard ABŞ dollarından artıq müsbət saldo formalaşıb.
Ümumilikdə, 2003-cü ildən indiyədək, yəni son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb. Bu illər ərzində sənaye 3,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,8 dəfə, ixrac 9,2 dəfə, qeyri-neft ixracı 7,3 dəfə, valyuta ehtiyatlarımız 33 dəfədən çox artıb.