DÜNYA
Son on ildə Avstraliyada koalaların yaşadığı 25 min hektar meşə qırılıb

Bakı, 8 fevral, AZƏRTAC
Avstraliya hakimiyyəti faydalı qazıntıların hasilatı üçün son on ildə koalaların yaşadığı 25 min hektar evkalipt meşəsinin qırılmasını sanksiyalaşdırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın vəhşi təbiətinin mühafizəsi fondu məlumat yayıb.
Fondun məlumatına görə, təkcə son 10 ildə Avstraliya federal hökuməti təhlükə altında olan koalaların yeganə yaşayış yeri sayılan evkalipt meşələrinin 25 min hektardan çox hissəsinin qırılmasına icazə verib. Bu rəqəm aysberqin görünən hissəsidir və qırılan meşə sahələri hakimiyyət orqanlarının bəyan etdiyindən azı iki dəfə çoxdur.
“Federal hökumət mədənlərin tikintisi üçün meşələrin qırılması layihələrini təsdiqləməyə davam edir. Təbiətin mühafizəsi üzrə milli qanunvericilik isə çox zəifdir və əsasən də Kvinslend və Yeni Cənubi Uelsdə koalaların yaşayış arealının məhvini dayandıra bilmir”, - deyə vəhşi təbiətinin mühafizəsi fondundan bildirilib.
Avstraliya Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına görə, son 20 ildə Yeni Cənubi Uels və Kvinslend ştatlarında koalaların sayı müvafiq olaraq 60 faiz və 50 faiz azalıb. Koalalar ən çox 2019-2020-ci illərdə baş verən meşə yanğınları nəticəsində zərər görüb. Yanğının davam etdiyi üç ay ərzində qitənin şərq sahillərində onların populyasiyası ən azı 25-30 faiz azalıb. Parlamentin apardığı araşdırma nəticəsində məlum olub ki, koalaların sayının bərpası üçün təcili tədbirlər görülməsə, 2050-ci ilə qədər bu növün nəsli kəsiləcək. 2021-ci ilin sentyabr ayında vəhşi təbiətdə təxminən 80 min koalanın yaşadığı barədə məlumat dərc olunub.