ELM VƏ TƏHSİL
Son zəng mərasimi məzunların yaddaşında daim qalacaqdır
Gəncə, 31 may (AZƏRTAC, Sabir Əliyev). Mayın 31-də Gəncənin ən qocaman təhsil ocaqlarından olan Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə böyük izdiham yaşanmışdır.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə təmir edilmiş bu məktəbdə keçirilən son zəngə valideynlərlə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri də toplaşmışlar.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev orta məktəbi bitirərək müstəqil həyata qədəm qoyan gəncləri təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır.
Məktəbin direktoru Nizami Rzayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Afət Cəmilova, valideynlərdən Kəmalə İsmayılova bu əlamətdar günün məzunların yaddaşında daim qalacağını demiş, onlara həyatın sınaqlarından alnıaçıq, üzüağ çıxmağı arzulamışlar.
Qeyd edilmişdir ki, hər il bu təhsil ocağının məzunları qəbul imtahanlarında yüksək göstəricilərə nail olurlar.
Təkcə keçən il məzunlardan 5 nəfəri 660-dan yuxarı bal topladıqlarına görə Prezident təqaüdünə layiq görülmüşdür. Bu il məktəbin XI sinfini 115 nəfər, IX sinfini isə 185 şagird bitirəcəkdir. Bu ilki məzunlardan 3 nəfəri qızıl medala namizəddir.
Daha sonra müxtəlif yarışlarda nümunə göstərən bir qrup məzuna fəxri fərmanlar təqdim edilmişdir.
Tədbirin sonunda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.