DÜNYA
“Sony” 2012-ci ildə 10 min əməkdaşını ixtisar edəcəkdir
Bakı, 9 aprel (AZƏRTAC). Yaponiyanın “Sony” korporasiyası 2012-ci ilin sonunadək 10 min əməkdaşını işdən çıxarıb, ştatını 6 faiz ixtisar edəcəkdir. İxtisar şirkətin həm Yaponiyadakı, həm də xarici ölkələrdəki heyətinə şamil olunacaqdır.
Bundan əvvəl verilən məlumata görə, texnologiya nəhəngi fotoaparat, televizor və mobil telefonlarda istifadə olunan plyonka və yapışdırıcı materialların istehsalı üzrə bölmələrini satmağı planlaşdırır.
Sövdələşmə, həmçinin şirkətin “aktivlərin yüngülləşdirilməsini” və digər şirkətləri öz məhsullarının istehsalına cəlb edən Apple şirkətinin modelinə istiqamət götürməyi nəzərdə tutur. Bundan əlavə, korporasiya dalbadal dördüncü ilin yekunlarına görə ziyana düşəcəyini proqnozlaşdırır.
“Sony” 2011-ci ilin noyabrında elan etmişdi ki, növbəti maliyyə ilini də ziyanla başa vuracaqdır. Televizor istehsalı üzrə bölmə məhsula tələbatın azalması və iyenanın möhkəmlənməsi fonunda 2,2 milyard dollar ziyana düşəcəkdir.
Yaponiyanın “Sony Corporations” şirkətinin 2011-ci il dekabrın 31-də başa çatan 2011-2012-ci maliyyə ilinin üçüncü rübündə xalis ziyanı 2,09 milyard dollar təşkil etmişdir. Korporasiyanın həmin dövrdə mədaxili 23,9 milyard dollar təşkil etmişdir ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 17,4 faiz aşağıdır.
2005-ci ildən ötən dövrdə şirkətin kapitallaşması 60 faiz azalmışdır, halbuki onun rəqibi - Koreya Respublikasının “Samsung” şirkətinin həmin dövrə kapitallaşması iki dəfə artmışdır.