Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOSİAL MÜAVİNƏTLƏRİN ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Sosial müavinətlərin məbləği artırılaraq, aşağıdakı kimi müəyyən edilsin:

1.1. Aylıq müavinətlər:

1.1.1. Yaşa görə müavinət - 45 manat;

1.1.2. Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:

I qrup əlillərə - 50 manat

II qrup əlillərə - 35 manat

III qrup əlillərə - 30 manat;

1.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 50 manat;

1.1.4. ailə başçısını itirməyə görə müavinət - 40 manat;

1.1.5. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət - 25 manat;

1.1.6. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - 40 manat;

1.1.7. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 25 manat;

1.1.8. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 20 manat.

1.2. Birdəfəlik müavinətlər:

1.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - 150 manat;

1.2.2. uşağın anadan olmasına görə müavinət - 50 manat;

1.2.3. dəfn üçün müavinət - 100 manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 90, № 12, maddə 1034; 2007-ci il, № 1, maddə 7, № 10, maddə 942; 2008-ci il, № 5, maddələr 373, 374) 3.2.5.1-ci və 3.2.8-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

4. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 514 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 7; 2008-ci il, № 5, maddə 373) 1.1-ci, 1.2.1-ci, 1.3-1.9-cu bəndləri qüvvədən düşmüş hesab edilsin.

5. Bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin