CƏMİYYƏT
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Qubada vətəndaşları qəbul edib
Bakı, 16 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Qubada vətəndaşları qəbul edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Quba və Qusar rayonlarından olan 20-dən çox sakin iştirak edib. Qəbul zamanı imtiyazlı şəxslərin agentliyin fəaliyyət istiqamətlərinə aid müraciətləri dinlənilib və aidiyyəti üzrə tapşırıqlar verilib. Vətəndaşların müraciətləri əsasən fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və digər məsələlərlə bağlı olub.
Bu ilin may ayından etibarən mütəmadi olaraq hər həftə həyata keçirilən qəbullar vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədi daşıyır.
Ötən dövrdə ümumilikdə 40-a yaxın rayonun sakinləri üçün vətəndaş qəbulu keçirilib. Bu qəbullarda 400-dən çox şəxsin müraciəti dinlənilib.