REGİONLAR
Şota Murquliani: Gəncə ilə Kutaisi qardaş şəhərlər olduğunu əməli işləri ilə göstərəcək
Gəncə, 21 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Kutaisi Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında birgə əməkdaşlığa dair işçi qrupun yaradılmasına dair razılıq əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Gürcüstanın Kutaisi şəhərinin meri Şota Murqulianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə məlumat verilib.
Elmar Vəliyev iki qardaş şəhər arasında elmi, mədəni əlaqələrin bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyinə əminlik ifadə edib. Bildirib ki, hər iki tərəfin münasibətlərin inkişafında maraqlı olması qardaş şəhərlərlə yanaşı, ölkələrimiz və xalqlarımızın mənafeyinə də xidmət edir.
İcra hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, Gəncə ilə Kutaisi arasında əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulur. Memorandum münasibətlərin inkişafına yeni təkan verəcək və qardaşlaşan şəhərlər arasında əlaqələrin yeni müstəviyə qaldırılmasına müsbət təsir göstərəcək.
Uzun illərdir Gəncə ilə Kutaisinin qardaş şəhərlər olduğunu vurğulayan mer Şota Murquliani bildirib ki, bu şəhərlərin turizm potensialı, iqtisadiyyatı, hətta əhalinin yaşayış tərzində də oxşarlıqlar var. O bildirib ki, Gəncə ilə Kutaisi qardaş şəhərlər olduğunu əməli işləri ilə göstərəcək.
Görüşdə iştirak edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov iki ali təhsil müəssisəsinin professor, müəllim və tələbələrinin əməkdaşlığını, eyni zamanda, aqrar sahədən bəhs edən birgə elmi jurnalın nəşrini təklif edib. Rektorun təklifi nümayəndə heyəti tərəfindən müsbət qarşılanıb.