DÜNYA
Şotlandiyada yağan güclü qar minlərlə insanı yollarda qoyub
Bakı, 17 yanvar, AZƏRTAC
Şotlandiyada yağan güclü qar səbəbindən minlərlə insan avtomobil yollarında qalıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, problemlər əsasən İngiltərə ilə sərhəddə yerləşən və Qlazqodan Hretna şəhərinə gedən M74 yolunda müşahidə olunur. Şahidlərin sözlərinə görə, şosenin bəzi hissələrində tıxaclar 30 kilometrdən çox uzanır. Bəzi sürücülər artıq 14 saata yaxın yolda qaldıqlarını deyir. Çıxılmaz vəziyyətdə qalan insanlara xilasetmə xidmətləri yardım göstərir.
Eyni zamanda, yol polisi avtomobil sahiblərinə M74 şosesinə çıxmamağa çağırır.
Şotlandiyanın Haylend vilayətində əlverişsiz hava şəraiti ilə əlaqədar 50-dən çox məktəb bağlanıb. Şimali İrlandiyada isə ictimai nəqliyyatın işində fasilələr yaranıb.
Qeyd edək ki, bir müddət öncə Şotlandiya və Şimali İrlandiya ərazisinə güclü qar yağıb. Böyük Britaniyanın meteorologiya xidməti Şotlandiyanın Eskdeylmuir şəhərinə bu gecə 30 santimetrə qədər qar yağdığını bildirib. Güclü qarın yağmaqda davam edəcəyi gözlənilir.