İDMAN
SPONSORLUQ VƏ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANMIŞDIR
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 27-də “Park İNN-Azərbaycan” hotelində AFFA ilə “Access Bank” arasında sponsorluq və əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə futbolun inkişaf etdiyini bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğıdan danışmışdır. Ölkəmizdə keçirilən mötəbər tədbirlərin sayının artdığını vurğulayan R.Abdullayev 2012-ci ildə futbol üzrə qadınlar arasında dünya çempionatının Bakıda keçiriləcəyini söyləmişdir.
“Access Bank” idarə heyətinin sədri Endryu Posbierovski AFFA ilə əməkdaşlıqdan məmnunluğunu vurğulamış, bu müqavilənin uşaq futbolunun inkişafına töhfə verəcəyini demişdir.
Sənədi AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Access Bank” idarə heyətinin sədri Endryu Posbierovski imzalamışlar.
Qurumlar arasında bağlanan müqavilə əsasən, 2 futbol mövsümü ərzində bank bütün milli komandaların rəsmi sponsoru kimi çıxış edəcəkdir. Milli komandaların geyimi üzərində “SOCAR” və “Azercell” ilə birgə “Access Bank” ın loqosu da yerləşdiriləcək, millinin keçirdiyi hər bir oyunda stadionda bankın əmtəə nişanı qoyulacaqdır.
Qeyd edək ki, müqavilə Azərbaycanda futbolun inkişafının gücləndirilməsi məqsədi ilə AFFA tərəfindən aparılan danışıqlar nəticəsində mümkün olmuşdur.
######