ELM VƏ TƏHSİL
STEM Mərkəzi və AMEA Qafqazşünaslıq İnstitutu Gənc Alimlər Forumunda iştirak etmək üçün seçim elan edir
Bakı, 21 noyabr, AZƏRTAC
Dekabrın 19-da STEM Təhlil Mərkəzinin və AMEA-nın Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş “Qafqaz regionunda təhlükəsizlik və çağırışlar” Respublika Gənc Alimlərin Forumu keçiriləcək.
Azərbaycanın parlaq qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi və geoiqtisadi reallıq formalaşmağa başlamış, Qafqaz respublikalarının geniş miqyasda regional əməkdaşlığı üçün imkanlar yaranmışdır.
AZƏRTAC xəbər verir ki, Forum zamanı gənc alimlər Cənubi Qafqazın inkişaf perspektivləri, regionda gələcək əməkdaşlıq formatı, təhlükəsizlik problemləri, müasir dövrün çağırışları və digər məsələlər ətrafında tədqiqatları ilə çıxış edəcəklər.
Sözügedən foruma elmi-araşdırma institutları və qurumlarının, ali təhsil müəssisələrinin yaşı 30 qədər olan əməkdaşları, innovativ qrupların və birliklərin nümayəndələri, müəllimlər, magistr və doktorantlar dəvət edilir.
Respublika Forumunun materiallarının çap edilməsi nəzərdə tutulur.
Müraciət və tezislərin qəbulu dekabrın 16-dək davam edəcək. Təşkilat komitəsi, Forumun materialları arasında çap ediləcək tezisləri seçmə hüququna malikdir.
Forum iştirakçılarına iştirak sertifikatı veriləcək. Eyni zamanda, tədbirdə fərqlənən çıxışçılar arasında STEM beyin mərkəzinə siyasi təhlilçi qismində işə qəbul olunması istiqamətində seçim aparılacaq. Forumda iştirak etmək üçün bütün şərtləri https://stem-lab.az/az/site/ linkindən öyrənmək olar.