DÜNYA
Stokholm ətrafındakı rayon polis ilə miqrantlar arasında toqquşma meydanına çevrilib
Stokholm, 21 fevral, AZƏRTAC
Ötən gecə Stokholm ətrafındakı Rinkebyu rayonunda iğtişaşlar baş verib.
İsveç KİV-lərinin yaydığı məlumata görə, bu rayonda əsasən miqrantlar və qaçqınlar yaşayır.
Məlumatda deyilir ki, münaqişə polis əməkdaşlarının həmin rayonda yerləşən metro stansiyasında axtarışda olan şəxsi tanıması və onu həbs etməsi nəticəsində baş verib. Yaxınlıqdakı adamlar asayiş keşikçilərinə daş atmağa başlayıblar. Bir polis nəfəri yaralanıb. Başqa çıxış yolu tapmayan polislər tabel silahından atəş açaraq hadisə yerini tərk ediblər.
Saat təqribən 22.20 radələrində başqa rayonda da iğtişaşlar qeydə alınıb. Hadisələrin hər birində 30-40 adam iştirak edib. Bir neçə mağaza qarət edilib, təqribən 8 avtomobil yandırılıb.
Polisin məlumatına görə, gecə yarısına yaxın polis asayişi bərpa edə bilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm