MƏDƏNİYYƏT
Strasburqda keçirilən həmrəylik sərgisində Azərbaycan da təmsil olunub
Paris, 13 oktyabr (AZƏRTAC). Strasburq Xarici Cəmiyyətlər Koordinasiyasının Alzas bölgəsində fəaliyyət göstərən müxtəlif qurumlar arasında dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə təşkil etdiyi həmrəylik sərgisində Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti də iştirak edib.
Şəhərin Sitadel parkında keçirilən sərgidə hər ölkəyə aid 300 guşə yaradılıb.
Azərbaycanla bağlı guşədə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, mətbəxi ilə bağlı fransız və ingilis dillərində nəşr olunan kitablar, broşürlər, digər əyani vəsaitlər nümayiş olunub.
Sərgidə Azərbaycanın sürətli inkişafı, Heydər Əliyev Fondu tərəfindən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransada keçirilən tədbirlər, ölkəmizin turizm imkanları, Bakının görməli yerləri ilə bağlı videoçarx da göstərilib.
Sərginin iştirakçılarına və şəhərin qonaqlarına Azərbaycanla bağlı kitablar təqdim edilib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris